Yaponiya hökümətinin yardımı çərçivəsində Göyçayda tibb məntəqəsi tikilib

Tarix: 15-7-2015 // saat: 10:50
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində Göyçayın Qızılağac kəndində tibb məntəqəsi tikilib. Açılış mərasimində Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi, rayon icra hakimiyyətinin rəhbərliyi, idarə və təşkilatların kollektivləri, səhiyyə işçiləri iştirak ediblər. Məlumat verilib ki, ümumi dəyəri 103 min 77 ABŞ dolları olan layihə çərçivəsində Qızılağac kəndində yerli əhali və ətraf yaşayış məntəqələrinin sakinləri üçün yeni tibb məntəqəsi inşa edilib. Layihənin icrası kənddə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına təkan verəcək. Məlumat verilib ki, birmərtəbəli tibb məntəqəsinin binasında terapiya, doğuş, stomatologiya və pediatr otaqları fəaliyyət göstərir. Səhiyyə ocağında Qızılağac və ətraf kəndlərin sakinlərinə xidmət üçün hər cür şərait yaradılıb. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Göyçayda 5 layihə həyata keçirilib. Belə ki, Göyçay şəhərinin su təchizatı sisteminin təkmilləşdirilməsi, 2003-cü ildə Alpoud kəndində məktəb binasının inşası, 2010-cu ildə təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının binasının əsaslı təmiri, 2012-ci ildə Göyçay şəhər internat məktəbində və şəhər 6 saylı orta məktəbdə gigiyenik şəraitin yaxşılaşdırılması və Qızılağac kəndində tibb məntəqəsinin inşası ilə bağlı keçirilən layihələrə ümumilikdə 476 min 567 ABŞ dolları məbləğində vəsait ayrılıb. Proqram çərçivəsində ölkəmizdə isə ümumilikdə 201 layihə həyata keçirilib. Həmin layihələrin icrası üçün 17 milyon 133 min 475 ABŞ dolları məbləğində vəsait sərf edilib. 

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN