Ağsuda əhali pulsuz tibbi müayinə olunur

Tarix: 6-2-2015 // saat: 22:50
Əhalinin sağlamlığının qorunması məqsədilə onların kütləvi surətdə tibbi müayinədən keçirilməsinin təşkili barədə Prezident İlham Əliyevin tapşırıq və göstərişləri Ağsu rayonunda da müvəffəqiyyətlə yerinə yetirilir.
Rayon mərkəzi xəstəxanasından AzərTAc-a bildiriblər ki, dövlətimizin başçısının sakinlər tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanan bu humanist göstərişinin uğurla reallaşdırılması üçün bütün lazımi tədbirlər görülür. Vətəndaşlar idarə, müəssisə və təşkilatlar, habelə kəndlər üzrə tərtib olunan cədvəl əsasında rayon mərkəzi xəstəxanasına, ucqar dağ yaşayış məntəqəsi olan Kalva kəndi xəstəxanasına, habelə 7 həkim məntəqəsinə gəlir, hərtərəfli tibbi müayinədən keçirlər. Hər gün orta hesabla 700-800 nəfər müayinə olunur.
Məsələn, təkcə fevralın 6-da 773 nəfər tibbi müayinədən keçib. Ümumiyyətlə, fevralın 2-dən bəri 3055 nəfər hərtərəfli müayinə edilib. Onlardan 886 nəfəri 17 yaşadək uşaq və yeniyetmələrdir.
İndiyədək müayinə edilənlərdən 207 nəfəri ambulator, 18 nəfəri stasionar müalicəyə cəlb olunub. 9 nəfər isə respublikamızın digər klinikalarına əlavə müayinə və müalicəyə göndərilib.
Rayonda əhalinin kütləvi tibbi müayinəsi davam edir.
http://azertag.az/xeber/830276

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN