"Miras" təcrübəsi

 Hazırda ölkəmizdə bu istiqamətdə bir çox təşkilatlar fəaliyyət göstərir ki, onlardan biri də "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyidir. Qurumun sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli ilə Birliyin məram və məqsədləri, ötən dövrdəki fəaliyyəti və planları barədə söhbətləşdik.

Tarix: 15-10-2016 // saat: 01:41
Hər bir xalqın, millətin mədəniyyəti, mədəni irsi onun tarixindən, mənəvi simasından xəbər verir. Bu nöqteyi-nəzərdən mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi çox vacibdir.
Hazırda ölkəmizdə bu istiqamətdə bir çox təşkilatlar fəaliyyət göstərir ki, onlardan biri də "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyidir. 
Qurumun sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli ilə Birliyin məram və məqsədləri, ötən dövrdəki fəaliyyəti və planları barədə söhbətləşdik.
Fariz Xəlilli bildirdi ki,  "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2010-cu ilin yanvar ayında bir qrup mədəni irs təşəbbüskarı tərəfindən mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğinə ictimai dəstək məqsədilə yaradılıb. Qurum 7 ildir ki, bu istiqamətdə bir çox ilklərə imza ataraq fəaliyyət göstərir. 2010-cu ilin mart ayının 31-də isə Ədliyyə Nazirliyi "Miras" İctimai Birliyini qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alıb: "Türkiyə, Türkmənistan, Qaqauziya, Tatarıstan, Qazaxıstan, Özbəkistan, İran və digər türkdilli toplumların yaşadığı bölgələrdə çox sayda bu tipli dövlət qurumu, təşkilat, dərnək, qəzet, jurnal olduğundan, internet səhifələri yaradıldığından xəbərimiz vardı. Azərbaycanda da mədəni irs sahəsində fəaliyyət göstərən belə qurumun olmasını arzulayırdıq. Dostlarla məsləhətləşdik, düşündük ki, mədəni irsə ictimai dəstək sahəsindəki müəyyən boşluğu az da olsa doldura bilərik. Arxeoloq, tarixçi, sənətşünas, mühəndislərlə ilk təşəbbüslərin həyata keçirilməsinə başladıq. İndi "Miras" İctimai Birliyinin 200-dən çox fəal üzvü var, onların əksəriyyəti ixtisaslı, xüsusilə gənc üzvlərdir".
F.Xəlilli qurumun "Miras" adlandırılmasının heç də təsadüfi olmadığını deyir: "Digər türkdilli dövlətlərdə də bu adda qurumlar olduğu və eyni yöndə çalışdıqları üçün bu adı seçdik. Azərbaycanda "Miras" adı bir qədər ögey səslənirdi, sanki dünyadan köçən insanların varidatı ifadəsi ilə məhdudlaşmışdı. Biz yaxşı işlər görəcək, "Miras" ifadəsini bu yarımçıq və ögey anlamdan qurtaracaqdıq. Son illərdə "Miras" adı ilə gördüyümüz işlər bizi haqlı çıxardı və mədəni irs ifadəsi artıq bir çox rəsmilərin çıxışlarında "miras" kimi vurğulanır".
Birlik rəhbərinin sözlərinə görə, "Miras"ın ilk layihəsi "Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi" olub: "Əvvəlcə, arxeoloji tədqiqatların aparılmasında iştirak etmişik, abidənin tanıdılması üçün təbliğat işləri aparmışıq. Sonra arxeoloji qalıqları konservasiya, bəzi yerlərdə bərpa edib, ərazini turistlərin hər fəsildə ziyarət edə bilmələri üçün abadlaşdırmışıq. Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği (Şəmkir, Qəbələ, Ağsu, Qala kəndi və işğal olunmuş ərazilər daxil olmaqla), mədəni irsə ictimai münasibətin monitorinqi (Qazax, Gəncə, Şəmkir, İsmayıllı, Şamaxı, Ağsu rayonlarının qədim şəhər yerləri və ətraf sakinləri arasında), təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı (Ağsu rayonunun ətrafında antik, ilk orta əsr və son orta əsr yaşayış yerləri yerləşən üç kəndi - Gəgəli, Çiyni və Ülgüc kəndlərinin sakinləri arasında) naminə səmərəli çalışmışıq. Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək (fiziki məhdudiyyətli şəxslərin İsmayıllı, Şamaxı və Ağsu rayonlarının arxeoloji abidələrinə və mədəni irs obyektlərinə səfərlərinin təşkilinin vəziyyəti), kənd həyat tərzinin inkişafında qadınların rolu (Ağsu rayonunun ənənəvi xalça və palaz məhsullarının toxunduğu üç kəndini - Bico, Qəşəd və Gəgəli kəndlərini əhatə edir) ilə bağlı biri-birindən maraqlı və mədəni irsə qayğını ictimailəşdirən layihələr həyata keçirilib.  "Miras" İctimai Birliyi indiyə qədər qardaş Türkiyənin Konya, Amasya, Uşak, Muğla, Trabzon, Ordu, Giresun, Mersin, Tarsus, Malatya, Ağrı, Gaziantep və digər şəhərlərində, eləcə də digər ölkələrin Milan, Verona, Roma, Antverpen, La-Roşel, Poznan, Ramat-Gan, Gazimağusa, Dehli, Komrat, Ohrid, Madrid, Tbilisi, Ulan-Bator, Qahirə kimi şəhərlərində konfrans, seminar, sərgilərin keçirilməsində iştirak edib. İlk dəfə Kembric nəşriyyatı Azərbaycanda keçirilən bir konfransın materiallarını məhz "Miras" İctimai Birliyi sayəsində nəşr edib. Bu, Ağsuda 2014-cü ildə keçirilən "YOCOCU - Mədəni İrsin Konservasiyasında Gənclər" IV Beynəlxalq Konfransının materiallarıdır. Layihələrimiz və fəaliyyətimizlə yaxından tanış olmaq üçün oxucular "miras.az", " archaeotourism.az", "agsunews.az", "farizkhalilli.az" səhifələrindən yararlana bilərlər".
Birlik sədri məmnunluqla qeyd edir ki,  "Miras" Azərbaycanda mədəni irs sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında ən çox tanınan və müraciət olunan təşkilatlardan sayılır: "Ölkə ərazisində mədəni irs abidələrinin vəziyyətinə münasibət bildirən vətəndaşlarımızın əksəriyyəti "Miras" İctimai Birliyinə müraciət edir və problemlərin həll olunmasını bizdən gözləyir. Dünyanın bir çox mədəni irs qurumları ilə yaxından əlaqələrimiz var. İtaliya YOCOCU - Mədəni irsin konervasiyasında gənclər Beynəlxalq Assosiasiyası, Konya Selçuk Universiteti, Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi, Belçika Türk Dərnəkləri Federasiyası, Makedoniya Sosial-Antropologiya İnstitutu, İspaniya Yeraltı Arxeologiya Birliyi, Dostlar üçün Gürcüstan Birliyi kimi mədəni irsi araşdıran, mühafizə və təbliğ edən təşkilatlarla əməkdaşlıq edirik".
F.Xəlilli bildirir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, dəstəyilə istər ölkəmizdə, istərsə də dünyada həyata keçirilən mədəni irs layihələri "Miras"ın fəaliyyətini stimullaşdırıb. Bu qurum fəaliyyətə təsisçi üzvlərin maddi və mənəvi dəstəyi ilə başlayıb, uyğun layihələrin planlaşdırılması, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində onların rolu, əməyi danılmazdır.  "Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi" layihəsi ilə fəaliyyətə başlamağımız Ağsudan olan ziyalı və xeyirxah insanların - Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslumovun, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun, millət vəkili Ərəstun Cavadovun, rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin dəstəyi sayəsində mümkün olub. "Azərbaycanda kərpic memarlığı" Respublika Konfransı, IV Beynəlxalq "Avrasiya Arxeologiyası" Konfransı və IV Beynəlxalq "YOCOCU - Mədəni İrsin Konservasiyasında Gənclər" Konfransının keçirilməsini Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev bilavasitə dəstəkləyib. Onun göstərişi ilə "Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi"nin mühafizəsi və istifadəsi "Miras" İctimai Birliyinə tapşırılıb. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da bizim ən yaxın dəstəkçilərimizdəndir. Şura indiyə qədər "Miras" İctimai Birliyinin beş layihəsini dəstəkləyib, maliyyə yardımı edib. Birliyin mədəni irs sahəsindəki fəaliyyətinə ilkin dəstək verənlərdən biri də Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.
Professor Qafar Cəbiyevin Ağsu arxeoloji ekspedisiyasının rəhbərliyini üzərinə götürməsi ilə "Miras"ın bu sahədə planlaşdırdığı işləri həyata keçirməsinə uyğun şərait yaranıb. Onun arxeoloji sahədə, eləcə də elmi və elmi-populyar yazılar yazılmasındakı təcrübəsi bizim işimizi asanlaşdırıb.
Arxeoloji turizm sahəsində ən yaxın dəstəkçilərimizdən biri Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovdur. Onun təklifi ilə "Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi" Azərbaycanın turizm marşrutlarına daxil edilib və turizm şirkətlərinə tövsiyə olunub. Qürurla deyə bilərəm ki, arxeoloji turizmdən söz açılanda ilk yada düşənlərdən biri də "Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi" olur. Hər il minlərlə turist həmin kompleksi ziyarət edir. Əksər arxeoloji ekspedisiyalar konservasiya və mühafizə sahəsində "Miras"ın təcrübəsindən yararlanırlar".  
Hazırda "Miras"ın Bakıda və Ağsuda ofisləri var. Bununla yanaşı, ölkə üzrə Gəncə, Sumqayıt, Şamaxı, İsmayıllı, Zaqatalada fəal təmsilçi üzvlər çalışırlar: "Konya, Amasiya, Təbriz, Roma, Milan, Qazimağusa, Tbilisi və Madrid şəhərlərində də təmsilçi üzvlərimiz fəaliyyət göstərirlər. "Miras" İctimai Birliyi festival, sərgi, konfrans, seminar, panel, forum kimi çoxsaylı tədbirlər həyata keçirib. Mədəni irsə dəstək verən insanları "Miras"ın  dostu fəxri diplomlarla təltif edirik. Çoxlu dostumuz var. Düşmənlərimiz isə bəllidir: erməni xakerləri dəfələrlə bizim internet resurslarımıza hücum ediblər, bir neçə dəfə səhifələrimizi dağıdıblar, yenidən bərpa etməli olmuşuq".
Birliyin planlarından söz açan F.Xəlillinin dediyinə görə,  28 oktyabr - 3 noyabr tarixlərində Avropa təhsil, gənclik və idmana dövlət dəstəyi proqramı "ERASMUS +" çərçivəsində Belçika Türk Dərnəkləri Birliyi və "Miras"ın birgə layihəsi olan "Yüksək tədris və fərdi inkişafın təşviq olunması. Qarşılıqlı təcrübədən yararlanmaq" layihəsinin növbəti mərhələsi gerçəkləşəcək. Tədbirlər Belçikanın Brüssel, Gent, Beringen və Antverpen şəhərlərində olacaq: "Noyabrın 6-da isə Ağsu şəhər parkında xalça və palaz yarmarkası keçirməyi planlaşdırırıq.  "Kənd həyat tərzinin inkişafında qadınların rolu layihəsi" çərçivəsində keçiriləcək  satış-yarmarkada xüsusilə Ağsu rayonunun ənənəvi xalça və palaz məhsullarının toxunduğu üç kəndinin - Bico, Qəşəd və Gəgəli qadınlarının əl işləri yer alacaq".
Kənan NOVRUZOV
 
http://525.az/site/?name=xeber&news_id=65866

Özəl Xəbər
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN